Bu gün Biləsuvar rayonunda 26 fevral - Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.
25 fevral 2026-cı il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun və Gənclər evinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir öncəsi Biləsuvar Dövlət Rəsm Qalereyasının təşkil etdiyi gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirildi.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edən Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Rayon İcra Hakimiyyəti Başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar rayonu üzrə təhsil sektorunun əməkdaşı Əlisafa Qəmbərov və Gənclər evinin direktoru Vəkil Cəfərli Xocalı soyqırımı haqqında məktəblilərə məlumat verərək, Xocalı faciəsinin XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciələrindən biri olduğunu və amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz saldığını qeyd etdilər.
Bildirdilər ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərində genosid aktı həyata keçiriblər. Yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edilib, qocalar, qadınlar, uşaqlar, hətta südəmər körpələr ən dəhşətli üsul və vasitələrlə qətlə yetiriliblər, girov götürülərək, insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşməli oldublar. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 8 ailə tamamilə məhv edilib , 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin taleyi indi də məlum deyil. Ermənilər hətta erməni xisləti ilə meyitləri belə təhqir etməkdən çəkinməmişlər.
Natiqlər eyni zamanda, 44 gün davam edən və işğal altındakı ərazilərimizin, o cümlədən, Xocalının azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsindən danışdılar.
Sonda “Xocalı, sən azadsan” adlı videofilm nümayiş etdirilib.






