Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür.
07 noyabr 2023 | 20:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü ilə əlaqədar olaraq bu gün Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Milli Qəhrəmanın Əliabad kəndində yerləşən ata ocağını ziyarət edərək ailəsi ilə görüşüb.
Faiq Qürbətov Milli Qəhrəmanın ailəsi ilə görüşdə Mübariz İbrahimovun göstərdiyi şücaətlə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdiyini qeyd edərək bildirib ki, Mübariz qısa ömür yaşasa da canını vətən yolunda fəda etməsi ilə özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoydu. Hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. Məhz 44 günlük Vətən müharibəsi bir daha göstərdi ki, bu gün Azərbaycan ordusunda Mübariz ürəkli minlərlə cəsarətli Vətən övladları yetişib və bu ordu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarını cəmi 44 gün ərzində azad etdi.
Görüşdə bildirildi ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi.
Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vurmuş Mübariz həmin il həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini 2007-ci ildə Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqustunda yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Daha sonra könüllü olaraq cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətini davam etdirib.
M.İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı istiqamətində bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan Mübariz, səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olub.
Ermənistan tərəfi hərbçimizin meyitini qaytarmaqdan uzun müddət boyun qaçırsa da, ölkə rəhbərinin iradəsi nətisəcində Ermənistan noyabrın 6-da gizir Mübariz İbrahimovun, həmçinin şəhid baş leytenant Fərid Əhmədovun meyitlərini Azərbaycana təhvil verib.M.İbrahimov 7 noyabr 2010-cu ildə II Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi və xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamlar imzalayıb.