Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün alman faşizmi üzərində qələbədən 79 il keçir.

09 may 2024 | 10:01

Faşist Almaniyasının tərəfindən başladılan İkinci Dünya müharibəsi bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olub. Müharibədə iştirak edən 660 min azərbaycanlıdan 300 mindən çoxu həlak olub. Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də ikinci dünya müharibəsinin əvvəlindən axırınadək müharibədə fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi.

Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

1945-ci ilin 9 may tarixində faşist Almaniyasının məğlubiyyəti ilə başa çatan müharibədə Azərbaycan nefti həlledici amillərdən olub. Ona görə də, Alman komandanlığı Bakı neftinə xüsusi önəm verir və Qafqaz uğrunda vuruşlarda əsas məqsəd Bakı üzərində nəzarəti ələ keçirmək idi.1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Qələbə uğrunda həlak olanların xatirəsini daim əziz tutur,onları ehtiramla yad edirik!

Keçidlər