Biləsuvarlı gənclərin və idmançıların yürüşü keçirilib.
26 iyul 2024 | 22:15
Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş gənclərin və idmançıların yürüşü keçirilib.
Yürüş Biləsuvar Olimpiya İdman Kompleksinin qarşısından start götürərək Heydər Əliyev Parkında yekunlaşıb.
Heydər Əliyev Parkında gənclər və idmançılarla görüşən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə və bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirdiyini, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.
İcra Başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Biləsuvarın da sosial-iqtisadi və mədəni həyatında, dövlət idarəçiliyində gənclər uğurla təmsil olunur.
Tədbirdə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov və idarənin Biləsuvar sektorunun rəisi Azad Quliyev çıxış edərək Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi ilə əlaqədar görülən işlərdən, idmanın inkişafına təkan verən tədbirlərdən danışaraq, idmançılara uğurlar arzulayıblar.
Sonra rayon idmançıları nümunəvi çıxışlarını nümayiş etdiriblər.
Tədbirin keçirilməsində göstərdiyi köməkliyə görə Biləsuvar Rayon Polis şöbəsinə, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar sektoruna, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinə, Biləsuvar Gənclər Evinə, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Şirvan-Salyan Regional Nümayəndəliyinə, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar sektoruna minnətdarlığımızı bildiririk.