Biləsuvarda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Biləsuvar Rayon İcra Hakimiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərlə bağlı təsdiq etdiyi Tədbirlər Planı”na uyğun olaraq bu gündən başlayaraq növbəti ağacəkmə aksiyasına başlanılıb.
10 gün davam edəcək aksiyası zamanı rayonun ayrı-ayrı ərazilərində və magistral yolların kənarlarında ümumilikdə 10 min ədəd müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulmuşdur. Torpaq-iqlim şəraitinə uyğun olaraq aksiyada əkilmək üçün Xan çinarı, zeytun, oleyandr, Eldar şamı və meyvə ağacları tədarük olunmuş, əkin aparılacaq ərazilərdə hamarlama işləri aparılmış, suvarma məqsədilə arxlar qazılmış və ağacların yerləri hazırlanmışdır.
Aksiyaya Biləsuvar Rayon İcra Hakimiyyəti başda olmaqla rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlar, inzibati ərazi dairələri üzrə icra nümayəndəlikləri, bələdiyyələr və sakinlər də aktiv şəkildə qoşulub.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirin məqsədi ekoloji davamlılıq, yaşıllıqların bərpası və genişləndirilməsi, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.