Biləsuvarda Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Bir ürək vardı- adı Vurğun” adlı ədəbi-bədii tədbir keçirildi.
07 may 2026 | 14:44
Biləsuvar şəhər Nizami adına 1 saylı tam orta məktəbində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Təhsil Sektorunun müdiri Müşfiq Dadaşov və məktəbin müəllim-şagird kollektivi iştirak etdilər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, Səməd Vurğunun Azərbaycan dilinin saflığı və zənginləşməsindəki əvəzsiz xidmətlərini vurğulayaraq, onun yaradıcılığının milli mənəviyyatımızın ayrılmaz tərkib hissəsi olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, dövlət səviyyəsində qeyd olunan bu yubiley ustad sənətkarın irsinə verilən yüksək qiymətin və ədəbiyyata olan daimi diqqətin təzahürüdür. Qeyd olunub ki, bu cür tədbirlərin keçirilməsi gənc nəslin milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunması üçün böyük əhəmiyyət kəsb edir. Çıxış edənlər şairin zəngin yaradıcılığından, Azərbaycan dilinin saflığı uğrunda apardığı mübarizədən və milli dramaturgiyamıza verdiyi töhfələrdən geniş bəhs ediblər.
Tədbir boyu böyük şairin zəngin yaradıcılığı yenidən canlandı, onun sözünün qüdrəti bir daha hiss olundu. Müxtəlif rəqs nümunələri, müəllimlərin səsləndirdiyi duyğulu şeirlər və səhnələrin yaratdığı emosional ab-hava tədbirə xüsusi rəng qatıb. Şagirdlər tərəfindən “Vaqif”, “Fərhad və Şirin “dramlarından, “Aygün”poemasından, “Yandırılan kitablar “şeirindən, “Zəncinin arzuları “, “Ananın öyüdü” poemasından səhnəciklər və fraqmentlər nümayiş etdirilib.
Bu tədbir yalnız bir yubiley proqramı deyil, həm də ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə və söz sənətinə olan sevginin ifadəsi idi.






