Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş “Sözün qoca çinarı” adlı ədəbi-bədii gecə keçirilib.

06 noyabr 2025 | 14:37

Biləsuvar rayon Mədəniyyət Mərkəzində Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə  təşkilatçılığı ilə baş tutan tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, rayonun idarə, təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xalq şairinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək qeyd edib ki, Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin nailiyyətlərindən uğurla bəhrələnərək orijinal dəst-xəttini formalaşdırmış söz ustalarımızdandır. Şair ədəbi fəaliyyəti ilə xalqımızın azadlıq ideallarının tərənnümünü daim diqqətdə saxlamış və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini vermişdir.

İcra başçısı qeyd edib ki, Fikrət Qoca, şeirləri və nəğmələri xalq tərəfindən sevilən əsl xalq şairidir və  şairin şeirləri Azərbaycan ədəbiyyatında əbədi olaraq yaşayacaqdır.

Tədbirdə çıxış edənlər Fikrət Qocanın həyat və yaradıcılığı barədə söhbət açıblar.

Tədbir zamanı Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeçiliyində fəaliyyət göstərən musiqiçilərin ifasında şairin şeirləri səsləndirilib və şeirlərinə bəstələnmiş musiqilər ifa olunub.

Azərbaycan poeziyasına yeni ovqat gətirmiş yenilikçi şair Fikrət Qoca yaradıcılığına həsr olunan proqram iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Keçidlər