Biləsuvarda Xalq rəssamı Əşrəf Heybətovla görüş keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində UNESKO Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Xalq rəssamı Əşrəf Heybətovun rayonun gənc və yeniyetmə rəssamları üçün ustad dərsləri keçirilib və sərgisi təşkil edilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və ictimaiyyətin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov qonaqları salamlayaraq rəssamın yaradıcılığı və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, onun əsərlərinin əsas mövzusu doğma Azərbaycanla bağlıdır. Rəssamın indiyədək dünyanın bir çox ölkələrində fərdi sərgiləri təşkil edilib. Almaniyada yaşayan həmyerlimiz eyni zamanda, Rusiya Rəssamlıq Akademiyasının, Azərbaycan Rəssamlar İttifaqının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova qeyd edib ki, Xalq rəssamı parlaq, özünəməxsus, orijinal yaradıcılığı ilə xalqın mədəniyyət və incəsənətinin tanınması üçün fasiləsiz xidmət edir. Sadəcə Azərbaycanda yox, xarici ölkələrdə də səsini duyurmağı bacaran istedadlı rəssam öz ideyası, yaradıcılığı, fərqli baxış tərzi ilə nümunəvi görünən həqiqi bir ustaddır. Ləman xanım Əşrəf Heybətova yaradıcılığında mədəniyyətimiz üçün dəyərli əsərlər yaratmağa davam etməsini arzuladı.
Xalq rəssamı Əşrəf Heybətov tədbirin təşkilinə göstərdikləri dəstəyə görə Biləsuvar Rayon Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirib.