Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan baş leytenant Mirzəyev Elmar Şahin oğlunun xatirəsi ehtiramla anılıb

16 oktyabr 2023 | 14:38

Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan “Azərbaycan bayrağı” ordenli Elmar Mirzəyevin anım mərasimi ilə əlaqədar bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək, valideyinləri və yaxınları ilə görüşüblər.    

Mərasimdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaqdır.

Elmar Şahin oğlu Mirzəyev - 1995-ci il mayın 1-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub  2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Elmar, 2016-cı ildən leytenant rütbəsində hərbi xidmətə başlayıb. Subay idi.

Azərbaycan Ordusunun baş leytenantı olan Elmar Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elmar Mirzəyev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. 16 oktyabrda doğulduğu Ağalıkənd kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə baş leytenant Elmar Mirzəyev ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

Keçidlər