Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Vətən Müharibəsi Qəhramanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun xatirəsinə həsr olunmuş “Əfsanəvi kəşfiyyatçı” adlı kitabın təqdimat mərasimi keçirilib.

16 iyun 2023 | 16:53
Bu gün Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun xatirəsinə həsr olunmuş “Əfsanəvi kəşfiyyatçı” adlı kitabın təqdimat mərasimi keçirilib.
Mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəhruz Mirzəzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov, Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri, “Zəfər” Şəhid Ailələrinə Dəstək İçtimai Birliyi sədri Sevinc Alızadə, kitabın müəllifi, yazıçı-publisist Asif Mərzili, Rayon Ağsaqqallar şurasının sədri Akif Kazımov, şəhid ailələri, qazilər və rayon ictimayyətinin nümayəndələri iştirak edib.
İştirakçılar əvvəlcə Ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək bu səpkili tədbirlərin keçirilməsinin əsas məqsədi məhz gənclər arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində həyata keçirildiyini bildirdi və qeyd etdi ki, təşkilat olaraq qəhrəmanlarımız haqqında belə vətənpərvərlik tədbirləri bundan sonra da davam etdiriləcəkdir.
Mərasimdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəhruz Mirzəzadə çıxış edərək Şəhid Orxan Əkbərovun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışdı və qəhrəmanın adının əbədiləşdirilməsi məqsədilə yazılan “Əfsanəvi kəşfiyyatçı” adlı kitabın gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsindəki rolunu yüksək qiymətləndirdi. Mərasimdə çıxış edən, kitabın müəllifi, yazıçı-publisist Asif Mərzili qəhrəman haqqında yazdığı “Əfsanəvi kəşfiyyatçı” adlı kitabın ərsəyə gəlməsi ilə bağlı olan təəsüratlarını bölüşərək qeyd edib ki, bu kitab Orxan Əkbərovun həyatından, hərbi xidmət illərindən, 44 günlük Vətən müharibəsindəki döyüş yolundan, yaxınlarının və döyüş yoldaşlarının xatirələrindən bəhs edir. Kitab həm də onun döyüş yoldaşlarının qəhrəmanlıqlarından, Vətənə, torpağa sədaqətindən danışır.
Çıxış edənlər şəhid polkovnik-leytenant haqqında olan xatirələrini bölüşərək, həyat və döyüş yolundan bəhs ediblər.
Bildiririk ki, Azərbaycan Ordusunun polкovniк-leytenantı olan Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən polkovnik-leytenant Orxan Əkbərov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına və "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" medallarına layiq görülüb.
Mərasimdən sonra “Zəfər” Şəhid Ailələrinə Dəstək İçtimai Birliyinin kollektivi Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətovla görüşərək öz təəssüratlarını bölüşüblər.
Keçidlər