Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.

10 may 2022 | 11:29

10 may 2022-ci il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin və YAP Biləsuvar rayon təşkilatının birgə təşkilatçılığı ilə  ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin Heydər Əliyev parkında yerləşən  abidəsini ziyarət edərək əziz xatirəsi yad edildi.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Millət vəkili Bəhruz Məhərrəmov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra  xalqımızın Ümumimilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov bildirdi ki, müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının böyük hissəsi ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub.Azərbaycan tarixinin önəmli bir dövrü-XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı onun adı ilə bağlıdır.Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.
Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı.Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi və sarsılmaz etdi.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev  prezidentlik fəaliyyəti ilə ölkəmizi sürətli inkişaf dövrünə çatdırdı. Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan hazırda dünyada söz sahibi olan dövlətlərdəndir.
Ulu öndər bu gün cismən aramızda olmasa da onun ruhu çox şaddır. Dahi liderin arzuları reallaşdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində Qarabağda qurduğu istehkamları darmadağın etdi, işğal altındakı torpaqları  düşmən əsarətindən azad etdi. Azərbaycan öz tarixi torpaqlarına qovuşdu.
Çıxışının sonunda Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxr hissi ilə qeyd olunaraq, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Ulu Öndər Heydər Əliyevlə olan görüşlərindən bəhs edərək, Ulu Öndərin Azərbaycanın xilaskarı olduğunu bildirdi. O, bu gün siyasi arenada olan şəxslərin mövqe sərgiləməsinin vacib olduğunu vurğuladı. Millət vəkili Bəhruz Məhərrəmov nitqini Ulu Öndərə xitabən:-“Yolunuz yolumuzdur” ifadəsi ilə yekunlaşdırdı.
Konfransda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Ulu Öndərin həyat yolu barədə nitq söylədi. O, tarixən müxtəlif ideologiyaların mövcud olduğu regionumuzda Ulu Öndərin Azərbaycançılıq ideologiyasının qalib ideologiya olduğunu bildirdi. Bütün dünya azərbaycanlılarının bu ideologiyanın ətrafında birləşdiklərini bildirdi. Ulu Öndərin sözün bütün mənalarında laiqli davamçısı olan Ali Baş Komandan, Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin hələ bundan sonra da bir çox tarixi uğurlarla nəticələnəcəyini bildirdi.
Tədbirin yekununda bir qrup partiya fəallarına fəxri fərman, partiya sıralarına yeni qəbul edilmiş gənclərə partiya üzvlük vəsiqələri təqdim edildi.

Keçidlər