Biləsuvarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
06 may 2024 | 09:44
Biləsuvar Gənclər evində məktəblilərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxış edərək bildirdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Çıxış edənlər qeyd etdilər ki, Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Tədbirin sonunda Ulu Öndərə həsr olunmuş videofilm nümayiş etdirildi.