Biləsuvarda Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş ehsan süfrəsi təşkil olunub.
12 dekabr 2024 | 20:08
Rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir.Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərdə yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməzliyi tam təmin edilib. Dahi şəxsiyyətin nüfuzu, onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, nəsillərə nümunə olan həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar bu gün hər bir vətəndaşımız tərəfindən minnətdarlıqla anılır.
Mərasimdə YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyi və inkişafı istiqamətində həyata keçirdiyi böyük işlərdən danışıb.
Tədbirdə qeyd olunub ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq və hər zaman dərin ehtiramla yad ediləcəkdir.
Sonra Ulu Öndərin ruhuna dualar oxunub.