Biləsuvarda Ulu Öndərə həsr olunmuş “Heydər Əliyev” sənədli filmi nümayiş olunub.
Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində nümayiş olunan filmdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Filmin nümayişindən öncə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə 1969-1982-ci illərin Azərbaycanın intibah dövrü kimi tarixə çevrildiyini diqqətə çatdırıb. Natiq bildirib ki, Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyevin müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
İcra başçısı çıxışında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışaraq qeyd edib ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Sonra Vaqif Mustafayevin ssenari müəllifliyi və rejissorluğu ilə çəkilən “Heydər Əliyev” sənədli filminin birinci hissəsi nümayiş olunub. Qeyd edək ki filmdə Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illər Azərbaycan Respublikasının rəhbəri kimi fəaliyyətindən bəhs olunur.






