Biləsuvarda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu.
12 may 2023 | 09:36
10 may tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.
Konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, RİHB-nın aparatı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin adını daşıyan parkdakı abidəsi önünə tər çiçəklər düzərək, əziz xatirəsini yad ediblər.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “ƏSRİN ADAMI” filmi nümayiş olunub.
Konfransda geniş məruzə edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının böyük hissəsi ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub.Azərbaycan tarixinin önəmli bir dövrü-XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı onun adı ilə bağlıdır.Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.
Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə yeni inkişaf strategiyasının təməlini qoydu. İqtisadiyyatın bütün sahələrində aparılan düzgün və səmərəli siyasət nəticəsində ölkədə ümumi daxili məhsul 1996-2002-ci illərdə 71 faiz artdı və 2002-ci ildə 6,1 milyard manata çatdı.“Əsrin müqaviləsi”nin praktiki cəhətdən reallaşması, sənayenin bir çox sahələrinə sərmayələrin yönəldilməsi, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi sənayedə dirçəlişin təməli qoyuldu. Nəticədə sənayedə yaranmış əlavə dəyərin ümumi daxili məhsulda xüsusi çəkisi 1993-cü ilə nisbətən 12,6 faiz artaraq 2002-ci ildə 37,4 faiz təşkil etdi.
1993-cü ildən başlayaraq kənd təsərrüfatı sahəsi yenidən dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrildi. Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş bu siyasət MDB məkanında ilk dəfə olaraq, torpaq üzərində xüsusi mülkiyyət münasibətlərinin formalaşması ilə başlanıldı, aqrar sahənin inkişafı yönündə ciddi islahatlar həyata keçirildi.
1993-2002-ci illərdə istehsal və qeyri-istehsal sahələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən 70-dən çox yeni obyekt inşa edildi. 1993-2002-ci illərdə bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatının və sosial sahələrin inkişafına 8,2 milyard manat investisiya yönəldildi. 2002-ci ildə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1993-cü ilə nisbətən 36,3 dəfə artdı. 1993-2002-ci illərdə xarici investorlar tərəfindən əsas kapitala ümumi investisiyanın 63,8 faizi qədər sərmayə yönəldildi.
Həmin dövrdə 74,1 min yeni mənzil, 31,1 min şagird yerlik 82 yeni ümumtəhsil məktəbi, 2,2 min yerlik məktəbəqədər təhsil müəssisələri, 1,5 min çarpayılıq xəstəxana və növbədə 3 min nəfər qəbul edən ambulatoriya-poliklinika müəssisələri istifadəyə verildi.
İcra başçısı bildirib ki, Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışı ilə bir çox sahələrdə genişmiqyaslı islahatların, o cümlədən qanunvericilik islahatlarının həyata keçirilməsinə başlanıldı. 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bununla da Azərbaycan demokratik inkişafın yeni mərhələsinə qədəm qoydu.
1993–2003-cü illərdə Azərbaycan mədəniyyəti öz böyük hamisi Heydər Əliyevin qayğı və diqqəti sayəsində daha möhtəşəm bir dövrünü yaşayırdı. Heydər Əliyev özünün “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.” İfadəsinə uyğun olaraq Azərbaycanda daima elmin, mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, möhkəmlənməsi və inkişafı istiqamətində ölçüyəgəlməz işlər həyata keçirdi.
Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2001-ci ilin noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi və dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş azərbaycanlıların birlik və həmrəyliyinin yaradılmasına nail olundu.
Geniş və əhatəli çıxışında Faiq Qürbətov bildirib ki, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadı.
Bu gün Azərbaycan dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır.
İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir.Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi.
Bu gün regionun gündəliyini Azərbaycan diktə edir və dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışının sonunda qeyd etdi ki, xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.