Biləsuvarda qaçış idman növü üzrə rayon birinciliyi keçirilib.
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 31 illiyinə həsr olunan 5 km məsafəyə qaçış üzrə rayon birinciliyi keçirilib.
200 nəfərdən çox iştirakçının mübarizə apardığı yarışlara rayonun Xırmandalı kəndinin giriş hissəsindən start verilib.Qaçış zamanı Heydər Əliyev parkında qurulmuş finiş xəttinə birinci və ikinci olaraq Nəsimi kənd sakinləri Hüseynov Seymur Turab oğlu, Fətullayev Tacəddin Azad oğlu, üçüncü olaraq isə Çaylı kənd sakini Həmidli Qadir Ramiz oğlu çataraq yarışın qalib olublar.
Mükafatlandırılma mərasimində iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qalibləri təbrik edərək, onlara uğurlar arzulayıb.
Faiq Qürbətov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə və bu gün də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirdiyini, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.
İcra Başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Biləsuvarın da sosial-iqtisadi və mədəni həyatında, dövlət idarəçiliyində gənclər uğurla təmsil olunur.
Tədbirdə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov və idarənin Biləsuvar sektorunun rəisi Azad Quliyev çıxış edərək Gənclər və İdman Nazirliyinin yaradılmasının 31 illiyi ilə əlaqədar görülən işlərdən, idmanın inkişafına təkan verən tədbirlərdən danışaraq, idmançılara uğurlar arzulayıblar.
Sonra qaliblərə medallar, Fəxri fərmanlar və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.






