Biləsuvarda Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib.
18 mart 2024 | 17:28
Biləsuvar Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə xalqımızın müqəddəs bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı tədbiri keçirildi.
Bayram tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Biləsuvar şəhər Mərkəzi Parkında bayram tonqalı yandırıldıqdan sonra təşkil olunmuş sərgiyə baxış keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək Azərbaycan xalqının qədim tarixinin yadigarı və milli varlığının rəmzlərindən biri olan Novruzun gəlişi münasibətilə rayon sakinlərini təbrik etdi və hər bir ailəyə bol-bol ruzi-bərəkət, sevincli günlər arzuladı.
İcra başçısı bildirdi ki, əsrlərin sınağından çıxaraq xalqımızın müqəddəs bayramına çevrilmiş Novruz insanlar arasında dostluq və qardaşlıq duyğularının bərqərar olması üçün həmişə gözəl zəmin yaratmışdır. Bütün dünya azərbaycanlıları bu bayramı böyük sevinc və qürur hissilə qeyd edir.
Novruz bayramının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayan icra başçısı bildirdi ki, baharın xoş qədəmləri xalqımıza düşərli olsun, hər bir evə, hər bir ailəyə xeyir-bərəkət, əmin-amanlıq gətirsin.
Bahar bayramına həsr olunmuş tədbirdə mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqsləri ilə davam etdi, əyləncəli proqramlar nümayiş olundu.