Biləsuvarda Novruz bayramı təntənə ilə qeyd olundu.
Bu gün Biləsuvar rayonunda xalqımızın milli dəyərlərini, birliyini və xeyirxahlıq ənənələrini özündə təcəssüm etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
Heydər Əliyev Parkında baş tutan bayram şənliyində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov sakinləri bayram münasibətilə təbrik edərək, Novruzun hər bir evə ruzi-bərəkət və sevinc gətirməsini arzulayıb. O, milli-mənəvi dəyərlərimizin rəmzi olan bu el bayramının xalqımızın birliyini daha da möhkəmləndirdiyini və gələcəyə böyük ümidlər bəxş etdiyini vurğulayıb.
Bayram tonqalı alovlandırıldıqdan sonra gənclərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib, Novruzun rəmzləri olan Kosa, Keçəl və Bahar qızının iştirakı ilə rəngarəng əyləncəli proqramlar təqdim olunub. Pəhləvanların və kəndirbazların maraqlı çıxışları, eləcə də bayram təamlarının dadılması tədbirə xüsusi rəng qatıb.
Bayram şənliyi mədəniyyət və incəsənət ustalarının hazırladığı geniş konsert proqramı və rəqs nömrələri ilə yekunlaşıb.






