Biləsuvarda “Milli Konstitusiyamızın müəllifi-Heydər Əliyev” adlı konfrans keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlərin davamı olaraq “Milli Konstitusiyamızın müəllifi-Heydər Əliyev” adlı konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Günay Ağamalı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri iştirak edib.
Konfransda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Biləsuvar Rayon Məhkəməsinin sədri Rəfayil Əliyev, Milli Məclisin deputatları Bəhruz Məhərrəmov, Günay Ağamalı, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdiyini, Konstitusiyanın dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadığını qeyd etmişlər.
Tədbirdə qeyd edilib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov konfransda çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini qeyd edib və təsdiq olunmuş Tədbirlər Planına əsasən il ərzində çoxsaylı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
İcra başçısı, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini vurğulayaraq müasir Azərbaycan dövlətinin Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib. Məhz Ulu Öndər Heydər Əliyevin sədrliyi və müəllifliyi ilə müasir Azərbaycan Respublikasının Konstitusiyasının hazırlandığını və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinin nəticəsində qəbul edildiyini qeyd edib.
Faiq Qürbətov çıxışı zamanı qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsi və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib və Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib. Ötən müddət ərzində ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi müasir Azərbaycan tarixinin ən mühüm hadisəsinə çevrilib.