Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Milli dövlətçiliyimizin xilaskarı” adlı elmi-praktik konfrans keçirilib.

15 iyun 2023 | 12:53
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən konfransda İcra başçısı Faiq Qürbətov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, YAP Biləsuvar rayon təşkilatının sədri, idarə, müəssisə rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edib.
Ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konfransda çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə ciddi hakimiyyət böhranı yaranmışdı. Rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizənin baş verdiyi bir məqamda 1992-ci ilin mayın 14-də hakimiyyətə gələn Xalq Cəbhəsi də ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Azərbaycan dövləti həmin böhrandan məhz zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas oldu. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.
Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi və ədalət bərqərar oldu.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıblar.
Qeyd edilib ki, onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı bu gün öz dövlət müstəqilliyini, Respublikasını göz bəbəyi kimi qoruyaraq, onu daha da möhkəmləndirir və gələcəyə doğru inamla aparır.
Keçidlər