Biləsuvarda “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Azərbaycançılıq ideologiyası və müasir Azərbaycan gənci” mövzusunda tədbir keçirildi.
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Şirvan Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Azərbaycançılıq ideologiyası və müasir Azərbaycan gənci” mövzusunda tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Ağayrı kənd ümumi orta məktəbin tarix müəllimi Ceyhun Ağazadə və ümumtəhsil məktəblərinin şagirdləri iştirak etdilər.
Tədbirdə açılış nitqi ilə çıxış edən sektor müdiri Azad Quliyev bildirdi ki, Ümummilli Lider Heydər Əliyev hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi gənclər sahəsinə də, gənclərin parlaq gələcəyi naminə onlara xüsusi diqqət, qayğı ilə yanaşıb. Onun hakimiyyətə gəlişindən etibarən Azərbaycan gəncliyinə gənclik duyğuları qayıtdı və gənclərimiz bütün dünyada öz sözünü deməyi bacardı. Azərbaycan gəncliyində yeni prinsiplər, mənəvi dəyərlər, həyata yeni baxışlar sistemi formalaşmağa başladı. Məqsəd və vəzifələrinə, fəaliyyətin istiqamətlərinə, sosial tərkibinə görə bir-birindən fərqli, yeni, müstəqil gənclər təşkilatları yaranmağa başladı. Bu gün ümummilli lider Heydər Əliyevin kursunun layiqli davamçısı Prezident İlham Əliyev gənclər siyasətində yeni mərhələnin başlanğıcını qoymuşdur. Dövlət başçısı müxtəlif çıxışlarında daima gənclərə arxalandığını açıq şəkildə söyləyib. Ölkəmizdə gənclərə göstərilən etimadın və dəstəyin nəticəsi olaraq bu gün gəncliyin nümayəndələri dövlət orqanlarında, müxtəlif strukturlarda təmsil olunur, cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxışında bildirdi ki, Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrilir. Dahi şəxsiyyət hər bir azərbaycanlıya Vətəni sevməyi öyrətdi. Bu çağırışı etdi ki, Vətən birdir və hamımız bu Vətən üçün çalışmalıyıq. Azərbaycanın ən çətin günlərində xalqının səsinə səs verərək 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev bütün dünya azərbaycanlılarını vahid ideologiya - azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə çağırdı. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğu istiqamətində mühüm addım oldu. Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarının birliyini, həmrəyliyini daha da möhkəmləndirdi.
Tarix müəllimi Ceyhun Ağazadə çıxışında, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu vurğuluyaraq, Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi haqqında ətraflı danışıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil edilməsi sahəsindəki əvəzolunmaz xidmətlərindən, eləcə də 1993-cü ildə xalqın təkidli çağırışları ilə hakimiyyətə geri qayıdaraq Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasındakı rolundan bəhs edib, müasir Azərbaycan Respublikasının Konstitusiyasının 1995-ci il noyabrın 12-də qəbul olunduğunu bu gün həmin Konstitusiyanın hüquqi qüvvəsinin işğaldan azad edilmiş bütün ərazilərdə tam bərqərar olduğunu bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib, mövzu ilə əlaqədar film nümayiş etdirilib.