Biləsuvarda “Kiçik və Orta Biznesin Dostu” şəbəkəsinin rayon nümayəndəliyinin təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyətinin sədri Orxan Məmmədov, aidiyyatı təşkilat rəhbərləri və rayon sahibkarları iştirak edib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Kiçik və Orta Biznesin Dostu şəbəkəsi çərçivəsində fəaliyyət göstərəcək rayon nümayəndəliyinə uğurlar arzulayıb və bu sahədə nümayəndəliyə daima dəstək göstəriləcəyini qeyd edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyətinin sədri Orxan Məmmədov çıxışında bildirdi ki, ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi və tənzimlənməsi, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunması və problemlərinin həlli məqsədilə yaradılan və hazırda ölkə üzrə formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostu (KOB Dostu) şəbəkəsi Agentliyin mühüm strateji layihələrindən biridir və Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir.
Orxan Məmmədov biznes subyektlərinə yerində dəstəyin təmin olunması baxımından KOB dostu şəbəkəsinin önəmini qeyd edərək bildirib ki, Biləsuvar rayonunda yaradılan nümayəndəlik respublika üzrə sayca 43-cü olmaqla, rayonda biznesin inkişafı üçün həmişə öz dəstəyini göstərəcək və sahibkarlar KOB dostu ilə fəal əməkdaşlıq edəcəklər.
Sonra tədbir iştirakçıları Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində yerləşən və sahibkarlara xidmətlərin təqdim edilməsi üçün lazımi şərait yaradılan KOB dostunun Biləsuvar nümayəndəliyinin ofisi ilə tanış olublar.