Biləsuvarda keçirilən "İnnovasiya festivalı və Toxum Satış Yarmarkası" iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Biləsuvar rayon Heydər Əliyev Parkında təşkil olunmuş "İnnovasiya festivalı və Toxum Satış Yarmarkası" Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyaların fermerlər üçün əlçatanlığının təmin edilməsi məqsədilə təşkil edilmişdir. Kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaların sərgiləndiyi festivalda həmçinin toxum sərgi-satış yarmarkası təşkil edilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Biləsuvar, Neftçala, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Lənkəran, Astara rayonlarının DAİM rəhbərləri və fermerlər, dövlət və özəl toxumçular, ictimaiyyətin nümayəndələri və rayon sakinləri iştirak edirdi.
Festivalın açılış mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirakçıları salamladıqdan sonra rayonda təşkil edilən festivalın əhəmiyyəti barədə danışıb.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov layihənin təqdimatı ilə bağlı çıxış edərək, festival barədə ətraflı məlumat verib.
Festivalda aqrar sahədə fəaliyyət göstərən şirkətlərin, həmçinin nazirliyin və digər dövlət qurumlarının mütəxəssisləri tərəfindən fermerlər üçün aqrar sığorta, bitkiçilik və heyvandarlıq, dəqiq əkinçilik, “ağıllı” kənd təsərrüfatı sistemləri, ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri, kənd təsərrüfatının inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər barədə məlumatlar verilib.
Sonra aqrar sahəki innovativ məhsul, avadanlıq və texnologiyalar nümayiş etdirilib, toxum sərgi-satışı, kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma metod və texnologiyaları, gübrə, pestisid nümunələri və aqrar sahəyə məxsus digər məhsullar sərgilənib. Tədbirdə fermerləri maraqlandıran suallar cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Festivalda ölkədə fəaliyyət göstərən və aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış dövlət və özəl bölməni təmsil edən qurumlar və şirkətlər iştirak edib.
Festival iştirakçılar tərəfindən maraqla qarşılanıb.