Biləsuvarda “İti dəryaz” otbiçmə yarışı keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi, həmçinin Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində ilk dəfə Biləsuvar rayonunda “İti dəryaz” otbiçmə yarışı keçirilib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirakçılara uğurlar arzulayaraq qeyd edib ki, Azərbaycanın Qeyri-Maddi Mədəni İrs Nümunələrinin siyahısına daxil olan və kənd təsərrüfatının mövsümi səciyyə daşıyan işlərində istifadə olunan dəryazla biçin aparmaq ənənəsi qədim zamanlardan günümüzədək uzun bir yol keçib. Biçin mövsümünün əvvəllərində və ya gedişində təşkil olunan müxtəlif mərasimlər çərçivəsində dəryazçıların da yarışları keçirilərək, ən usta dəryazçılar müəyyənləşdirilirdi. Bu gün də bu ənənəyə sadiq qalan xalqımız mövsüm zamanı kütləvi şəkildə dəryazla ot biçinləri aparırlar.
İcra başçısı yarışın keçirilməsinin Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunduğunu qeyd edərək iştirakçılara uğurlar diləyib.
Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə salınmış “Zəfər Parkı”nda keçirilən yarışda 20 komandanın hər birində 2 nəfər olmaqla 40 nəfər yarışlara qatılıb.
Yarışda birinci yerin qalibi Nərimankənd kənd komandasına, ikinci yerin qalibi Aşağı Cürəli kənd komandasına elektrik otbiçən aparatı, üçüncü yerin qalibi Günəşli kənd komandasına elektrik mişar aparatı, dördüncü həvəsləndirici yerin qalibi Amankənd komandasına “Karvan” restoranında Şam yeməyi hədiyyə kuponu təqdim olunub.
Tədbirin keçirilməsində göstərdiyi köməkliyə görə Biləsuvar Rayon Polis şöbəsinə, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar sektoruna, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinə, Biləsuvar Gənclər Evinə, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar sektoruna, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Şirvan-Salyan Regional Nümayəndəliyinə, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar sektoruna minnətdarlığımızı bildiririk.