Biləsuvarda "Heydər Əliyev və gənclər siyasəti" adlı konfrans keçirilib.
11 dekabr 2023 | 17:13
12 Dekabr- Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Biləsuvar Rayon İcra Hakimiyyəti, YAP Biləsuvar Rayon Təşkilatı və Biləsuvar Gənclər evinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və gənclər siyasəti" adlı konfrans keçirildi.
Konfransdan öncə gənc rəssam Fidan Məhərrəmlinin əl işlərindən ibarət "Heydər Əliyev ömrü" adlı sərgiyə baxış keçirildi.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova Heydər Əliyevin 20-ci ildönümünə həsr olunmuş tədbirin iştirakçılarını salamladı. Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün göstərdiyi misilsiz xidmətlərdən danışdı.
YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı Ulu Öndər siyasətində gənclərin aparıcı rol oynaması və həmçinin elmi, mədəni, sosial-ictimai hərəkatın əsas bazasını təşkil etdiyini bildirdi.
Biləsuvar Gənclər evinin direktoru Vəkil Cəfərli Ümummilli Lider Heydər Əliyevin qəbul etdiyi qərarların, gənclərlə bağlı dövlət proqramları və strategiyaların dövlət gənclər siyasətinin inkişafında müstəsna rol oynadığını vurğuladı.
Çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə sektorunun müdiri Azad Quliyev Heydər Əliyevin gənclərə hər zaman yüksək diqqət və qayğı ilə yanaşdığını bildirdi.
Konfransda "Heydər Əliyev və gənclər siyasəti" adlı videoçarx nümayiş edildi. Sonda xatirə şəkli çəkildi.