Biləsuvarda “Heydər Əliyev - Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı konfrans keçirilib.
08 may 2025 | 14:50
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin, YAP Biləsuvar Rayon Təşkilatının və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev - Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı konfrans keçirilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsinə tər çiçəklər düzüblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Konfransda Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, Siyasi elmlər doktoru, professor, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı Murtəza Həsənov, Tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov çıxış edərək bildiriblər ki, 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan dahi Heydər Əliyev öz müdrik siyasəti və eyni zamanda tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının həyata keçirilməsinə, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasına nail oldu, ölkəmiz öz liderinin rəhbərliyi altında yeni inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyev belə mürəkkəb bir vəziyyətdə ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, iqtisadi siyasət prioritetlərinin müəyyən edilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının hazırlanması vəzifələrinin öhdəsindən məharətlə gəldi.
Çıxış edən natiqlər bildiriblər ki, cəmiyyətin gələcək inkişafı üçün, tamamilə yeni və demokratik dəyərlərə əsaslanan milli qanunvericilik bazasının formalaşdırılması zərurətə çevrilmişdi. Məhz bu səbəbdən müstəqil dövlət qarşısında duran ən vacib məsələlərdən biri yeni Konstitusiya layihəsinin hazırlanması oldu.
Konfransda qeyd olunub ki, Ümummilli Lider Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini verməklə yanaşı, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf etmişdir.
Ümummilli Liderin özünün də qeyd etdiyi kimi, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması respublikamızın tarixində çox böyük bir hadisə idi. Bu gün əminliklə demək olar ki, Azərbaycan dövlətinin hərtərəfli tərəqqisi, ölkə həyatının müxtəlif sahələrində həyata keçirilən hərtərəfli islahatlar öz mənbəyini məhz Əsas Qanundan götürüb.
Konfransda çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolu barədə geniş məlumat verərək bildirib ki, müasir Azərbaycan dövlətinin memarı, dahi şəxsiyyət Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafındakı müstəsna rolu və misilsiz xidmətləri xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.
İcra başçısı bildirib ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun rəşadəti nəticəsində qazanılan tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkəmizin bütün ərazilərində bərqərar olmuşdur. Bu Azərbaycan xalqının dövlət suverenliyinin qorunması uğrunda apardığı mübarizənin və gələcəyə olan əzminin təcəssümüdür.
Konfransda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Fəxri Fərmanlar və Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.
Tədbir incəsənət ustalarının ifasında bədii hissə ilə davam etdirilib.