Biləsuvarda "Hadrut, sən azadsan!" filmi nümayiş olunub.
23 fevral 2024 | 19:01
iləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar "Hadrut, sən azadsan!" filmi nümayiş olunub. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, filmin ssenari müəllifi Rasim İsmayılov, quruluşçu rejissoru Cavidan Şərifov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi yad edilib.
Sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və qəhrəmanlıqla 44 gün müddətində işğal altında olan torpaqlarımızın azad edilməsindən danışıb. İcra başçısı bildirib ki, Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlarda yaşayacaq və hər zaman minnətdarlıqla anılacaqdır.
Tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov çıxış edərək film haqqında məlumat verdi. Bildirdi ki, filmdə Vətən müharibəsinin parlaq səhifələrindən biri – Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunması əməliyyatından bəhs edilir. Filmdə əməliyyata qərar verilməsindən əməliyyatın sona çatmasına qədər olan proseslər bütün detallarla canlandırılıb. Çəkilişlər əməliyyatın keçirildiyi məkanlarda aparılıb və məhz həmin döyüşlərdə iştirak etmiş döyüşçülər filmdə yer alıb.
Filmin ssenari müəllifi Rasim İsmayılov, quruluşçu rejissoru Cavidan Şərifov çıxış edərək filmin ikinci təqdimatının Biləsuvarda keçirilməsinə şərait yaradılmasına görə Rayon İcra Hakimiyyətinə öz minnətdarlıqlarını bildiriblər.
Sonda filmin təqdimatı keçirilib.