Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Fundamental hüquqlar” və “Ümumilli Lider Heydər Əliyev Azərbaycanda insan hüquqları konsepsiyasının banisidir” adlı tədbir keçirilib.

15 iyun 2023 | 15:58
18 iyun İnsan Hüquqları Günü çərçivəsində Biləsuvar rayonunda keçirilən “Fundamental hüquqlar” və “Ümumilli Lider Heydər Əliyev Azərbaycanda insan hüquqları konsepsiyasının banisidir” adlı tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamız Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Hüquqi mexanizmlərin təkmilləşdirilməsi və görülən digər işlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.
İcra başçısı qeyd edib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul etməklə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu olaraq seçdi.Bu gün ölkəmiz insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək bildirib ki, müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının həyata keçirilmə mexanizmlərinin reallaşdırılması, sözügedən sahədə hüquqi bazanın yaradılması müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Azərbaycanın insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.
Tədbirdə YAP Biləsuvar rayon Təşkilatının sədri Kamil Qurbanlı və Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev çıxışlarında qeyd etdilər ki, Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında ölkənin gələcək inkişaf prioritetləri müəyyənləşdirilməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatı da dövlətin ali məqsədi kimi ön plana çıxarılmışdır.
Qeyd olunmuşdur ki, Konstitusiyada əksini tapmış müddəaların üçdə ikisinin sırf insan hüquqları ilə bağlı olması da ulu öndərimizin insan hüquqlarına necə böyük həssaslıqla yanaşmasının bariz nümunəsidir. Əsas Qanunumuzda əksini tapmış insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı bütün beynəlxalq müqavilələrə uyğun tətbiq edilmişdir.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Keçidlər