Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir” adlı konfrans keçirilib.

27 aprel 2023 | 16:44

 Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama uyğun olaraq bu gün “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir” mövzusunda keçirilən elmi-praktik  konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Heydər Əliyev Mərkəzində  keçirilən konfranda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Konfransda geniş məruzə edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir.Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulmasından başlayaraq, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.

İcra başçısı bildirmişdir ki, Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi başlamışdır. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirmişdir.

İcra başçısı həmçinin Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyasının məhz 2003-cü ilin oktyabrından sonra ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirildiyini qeyd edib. Cənab Prezident sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir, ölkəmizin beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır.

Məhz cənab Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoyaraq düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifini 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğratdı, Ermənistan ordusu darmadağın edildi.

Bütün bunlar tam mənada deməyə əsas verir ki, Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, üstəlik, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir. 

Çıxışının sonunda icra başçısı qeyd edib ki, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Bu gün xalqımız ümummilli liderin siyasi varisi, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

Konfransda Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və digərləri çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məlumat veriblər.        

Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi dərin ehtiramla anılır.

 

Keçidlər