Biləsuvarda 8 Noyabr-Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
08 noyabr 2024 | 20:47
Bayram tədbirində Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Günay Ağamalı, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, qazilərimiz və rayon ictimaiyyəti iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Bayram tədbirində çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov Zəfər bayramı münasibətilə rayon sakinlərini təbrik etdi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 gün müddətində qazandığı qələbədən danışdı. İcra başçısı qələbənin əldə olunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhunun əbədi olaraq yaddaşlarda yaşayacağını və hər zaman minnətdarlıqla anılacağını bildirdi.
Milli Məclisin deputatı Günay Ağamalı Zəfər Günü münasibətilə rayon sakinlərini təbrik edərək, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimizin Azərbaycanın haqq işi uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşadığı bildirildi və Azərbaycanın üçrəngli bayrağının artıq bütün ölkə ərazisində qürurla dalğalandığı vurğulandı.
Bayram tədbirində geniş konsert proqramı təqdim olundu. Tədbir möhtəşəm atəşfəşanlıqla yekunlaşdı.