Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 5 oktyabr-Müəllimlər Gününə həsr olunmuş tədbir keçirildi.

05 oktyabr 2022 | 16:57

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavini Ləman Yüzbaşova, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar təhsil sektorunun müdiri Mehman Əliyev, təhsil işçiləri, məktəb direktorları və müəllimlər iştirak etdi.

İştirakçılar əvvəlcə Heydər Əliyev  parkında  Ulu Öndərin abidəsini ziyarət etdilər, əziz xatirəsinə tər çiçəklər qoyuldu.

Tədbiri giriş sözü ilə açan Biləsuvar təhsil sektorunun müdiri Mehman Əliyev müəllimləri peşə bayramları münasibətilə təbrik edərək, rayonda təhsilin inkişafı istiqamətində görülən işlərdən və müəllimlərin qazandığı uğurlardan danışdı.

M.Əliyev qeyd etdi ki, Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  ölkəmizdə təhsil sisteminin maddi-texniki bazasının  möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət  rayonumuzda da  öz  müsbət nəticələrini  verir. Yeni təhsil müəssisələri tikilir, məktəblərimiz əsaslı təmir olunur və təhsil ocaqlarının  maddi-texniki bazası yenilənərək informasiya kommunikasiya texnologiyaları ilə  təminatı  yaxşılaşdırılır.Rayonumuzda yeni istifadəyə verilən  təhsil  ocaqları, inşa və əsaslı təmir olunan məktəb binaları  təhsilin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir göstərən mühüm amillərdir.

Sektor müdiri 4 oktyabr 2022-ci il tarixində cənab Prezidentin imzaladığı sərəncamla “Tərəqqi” medalı ilə təltif olunan Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbin müəlliməsi Babayeva Təranə Mirzə qızını təbrik edərək qeyd etdi ki, bu təltif Biləsuvar təhsilinə verilən qiymətdir.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Azər Cəfərli, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli, Rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov , Rayon Prokuroru Camal Bağırov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov və digərləri  çıxış edərək rayonun təhsil işçilərini və müəllimləri peşə bayramları münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.

Tədbirdə qeyd olundu ki,  Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır və bu bayram  ölkəmizdə 1993-cü ildən qeyd edilməyə başlanıb. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Bu gün dövlət başçısı cənab İlham Əliyev də müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir.

Tədbirdə çıxış edən təhsil işçiləri müəllimlərin əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və  Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Sonda  təhsildə fərqləndiklərinə görə bir qrup müəllimə  fəxri fərmanlar və  hədiyyələr təqdim olundu.

Keçidlər