Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 5-ci “Hindquşu Festivalı” keçirilib.

23 noyabr 2025 | 19:58

23 noyabr 2025-ci il tarixdə Biləsuvar şəhər  Mərkəzi Parkında Biləsuvar Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin,  Dövlət Turizm Agentliyinin, Aqrar İnnovasiya Mərkəzinin, Şirvan-Salyan və Lənkəran Regional Mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə  rayonda quşçuluğun inkişafına dəstək və turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət daşıyan 5-ci “HİNDQUŞU FESTİVALI”keçirilib.

 

Artıq ənənəyə çevrilmiş festivalda rəsmi qurumların nümayəndələri, fermerlər, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar, tanınmış aşpazlar, media təmsilçiləri, yerli sakinlər və xarici qonaqlar iştirak edib.

 

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov festivalın əhəmiyyəti barədə danışaraq, onun regionda turizmin inkişafına, milli adət-ənənələrimizin təbliğinə, xalqımızın mədəni irsinin cəmiyyətə daha dolğun şəkildə çatdırılmasında mühüm rol oynadığını və kənd təsərrüfatının  sahəsi olan quşçuluğun təşviqinə verdiyi töhfələri qeyd ediblər. Vurğulanıb ki,  tədbirin həm bölgənin iqtisadi potensialının tanıdılması, həm də milli mətbəxin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

 

Festival çərçivəsində hind quşundan hazırlanmış müxtəlif növ milli təamlar qonaqlara təqdim olunaraq, ən yüksək keyfiyyətlə hazırlanmış yemək nümunələrinin müəllifləri xüsusi mükafatlarla təltif edilib. Tədbirdə Çin, özbək mətbəxindən nümunələr nümayiş etdirilib və amerikansayağı hind quşu ləvəngisi təqdim olunub.

 

Bundan əlavə festivalda yerli kənd məhsullarından ibarət satış yarmarkası və kənd həyatını əks etdirən güşə fəaliyyət göstərib.

 

 Festivalda milli-mənəvi dəyərlərimizi əks etdirən toy adətləri və xına mərasimi təşkil olunub.

 

Bununla yanaşı müxtəlif səpgili əyləncəli tədbirlər, idman oyunları (Darts, Nərd,Tir atıcılığı və oxatma)  keçirilib, kəndirbazlar və pəhləvanlar öz məharətlərini göstərib, müxtəlif növ əl işlərindən ibarət sərgilər və rəsm əsərləri nümayiş etdirilib.

 

Tədbirdə qədim İncəsənət: Kələğayı Hazırlanması” Master-class,  Basqal şirniyyatları və kəlağayı stendləri də sərgilənib.

 

Fotosərgi (cənub bölgəsinin ekoturizminə dair),  sənətkarların əl işləri və həsrçilik nümayiş olunub.

 

Festival boyu milli və xarici müsiqilər səsləndirilərib və rəqs nömrələri nümayiş olunub.

Keçidlər