Biləsuvarda “44 gün – Tarixi zəfər” adlı kitabın təqdimatı keçirildi.
Bu gün Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı kitabının I və II cildinin təqdimatı keçirildi.
Mərasimdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Xatirə Kitabı Redaksiyasının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi Rəfail Xəlilov, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və ictimaiyyətin nümayəndələri iştirak etdi.
Kitabın təqdimat mərasimdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən danışdı və bu qələbəni bizlərə yaşadan qəhrəman şəhidlərimizin xatirələrinin daim uca tutulacağını bildirdi. Qeyd olundu ki,onların xatirələri həmişə əziz tutulur, adları əbədiləşdirilir, məzarları xalqın ziyarətgahına, and yerinə çevrilib. İcra başçısı “44 gün – Tarixi zəfər” adlı kitabın ərsəyə gəlməsində zəhməti olan bütün kollektivə öz minnətdarlığını bildirdi.
Sonra “44 gün – Tarixi zəfər” kitabının baş redaktoru Nəzakət Məmmədova çıxış edərək kitabın yazılması tarixindən və orada yer alan igid və qəhrəman Azərbaycan oğullarından danışıb.
Bildirilib ki, “44 gün – Tarixi zəfər” kitabının birinci cildində 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin aprel döyüşləri və Tovuz döyüşləri zamanı həlak olanların da adları əbədiləşdirilib. I və II cildlərdə ümumilikdə 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb ki, bu şəhidlərin də 43 nəfəri biləsuvarlı igidlərdir.
Təqdimat mərasimində çıxış edənlər Vətən müharibəsində qazanılan qələbədə canını fəda edən şəhidlərimizin qəhrəmanlıqları haqqında danışaraq, kitabın hazırlanmasında zəhməti olan hər kəsə minnətdarlıq ediblər.
Sonda şəhid ailələrinə “44 gün – Tarixi zəfər” kitabı hədiyyə olunub.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tərəfindən “44 gün – Tarixi zəfər” kitabının baş redaktoru Nəzakət Məmmədovaya torpaqlarımızın azadlığı uğrunda canından keçən biləsuvarlı şəhidlərə həsr olunmuş “200” adlı kitab hədiyyə olunub.