Biləsuvarda 3-cü “İti dəryaz” otbiçmə yarışı keçirilib.
26 iyul 2026 | 09:54
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində bu gün rayonda 3-cü “İti dəryaz” otbiçmə yarışı keçirilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Gənclər və İdman idarəsinin rəisi Aydın Yusifov, YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı, rayon ictimaiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə salınmış "Zəfər Parkı"nda keçirilən otbiçmə yarışlarında ayrı-ayrı kəndləri təmsil edən 15 komandada ümumilikdə 30 nəfər iştirak edib.
Qeyd edək ki, artıq üçüncü ildir keçirilən yarışlar həm qeyri-maddi mədəni irsin qorunması və təbliği baxımından, həm də kənd təsərrüfatı ənənələrinin yaşadılması və ictimai dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirakçılara uğurlar arzulayaraq qeyd edib ki, dəryazla ot biçmək Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrindən biridir və bu növ yarışların keçirilməsi tarixi kənd təsərrüfatı ənənələrimizin gənc nəslə ötürülməsində əvəzsiz rol oynayır.
Natiq qeyd edib ki, tədbir həm də gənclər arasında fiziki aktivliyi, fiziki əməyə marağı artırır və komanda ruhunu gücləndirir. Bu cür milli ənənələrə söykənən idman tədbirləri gənclərin asudə vaxtının səmərəli təşkil olunması ilə yanaşı, insanlar arasında həmrəyliyin gücləndirilməsi baxımından da xüsusi önəm daşıyır.
Sonra dəyrazçıların biçin yarışı başlayıb.Yarışın nəticələrinə əsasən birinci yeri Təzəkənd kəndinin, ikinci yeri Əsgərabad kəndinin, üçüncü yeri isə Yuxarı Cürəli kəndinin komandası qazanaraq mükafatlandırılıblar. Həvəskar komanda olaraq Çaylı kənd komandası Fəxri Fərmanla təltif edilib.
Qeyd edək ki, tədbirin keçirilməsinə “Karvan” restoranı və “İrşad” şirkəti tərəfindən dəstək göstərilmişdir.
Tədbirin sonunda xatirə şəkli çəkilib.






