Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “28 may-Müstəqillik günü”nə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

27 may 2024 | 16:27

“28 may-Müstəqillik günü”nə həsr olunmuş elmi-praktiki konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Firdovsiyyə Əhmədova, Hüquq kafedrasının dosenti  Rahib Əkbərov, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Bayraq Muzeyində keçirilən konfransdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayon ictimaiyyətini bayram münasibətilə təbrik edərək, zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu bildirib.İcra başçısı qeyd edib ki, 1918-ci ildə dövlətimizin istiqlaliyyətinin elan olunması, xalqımızın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdi.Beləliklə, 28 may günü Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

Faiq Qürbətov konfransdakı çıxışında bildirib ki, Sovet imperiyası dağıldıqdan sonra təkrar azadlığına  qovuşan ölkəmizin müstəqilliyinin məhv olmaq təhlükəsi yarananda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi bütün təhlükələri aradan qaldırdı. Ulu Öndərin malik olduğu güclü iradə, uzaqgörən siyasət və digər mühüm keyfiyyətlər Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi və beləliklə, ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı.

İcra başçısı qeyd etdi ki, bu uğurlu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar kursu nəticəsində daha da gücləndirildi.Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi Zəfər qazanmaqla, 30 ilə yaxın müddətdə işğal altında olan bütün torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa edildi.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Firdovsiyyə Əhmədova, Hüquq kafedrasının dosenti  Rahib Əkbərov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, müstəqilliyimizin, milli dövlətçiliyimizin keçdiyi böyük və şərəfli inkişaf yolundan danışıblar.

Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin arzu və ideallarının bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə reallığa çevirdiyini və güclü Azərbaycan dövləti yaradıldığını diqqətə çatdırıblar.

Keçidlər