Biləsuvarda “27 Sentyabr – Anım Günü” ilə əlaqədar Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Torpaqlarımızın azadlığı uğrunda aparılan savaşda şəhid olmuş igid vətən oğullarının və qızlarının xatirəsinə həsr olunmuş tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Heydər Əliyev Parkında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Anım günü tədbirində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərimizdən danışıb.
Faiq Qürbətob bildirib ki, 27 sentyabr 2020-ci ildə başlayaraq 44 gün davam edən və qalibiyyətlə başa çatmış hərbi əməliyyatlar nəticəsində şanlı ordumuz mənfur düşməni darmadağın etməklə uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə öz gücünü bütün dünyaya nümayiş etdirdi.Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı.
İcra başçısı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək bizə Zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərimizin yaddaşlarda əbədi yaşayacağını və xatirələrinin daima əziz tutulacağını bildirərək qeyd etdi ki, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid atası İqar Astanov və digərləri çıxış edərək bildirdilər ki, Vətən müharibəsində Azərbaycan xalqı sözün həqiqi mənasında birlik nümayiş etdirərək böyük zəfərə nail oldu və bu qələbə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi idi.
Tədbirdə qeyd olundu ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əziz qalacaq və onların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnək olacaqdır.
Tədbirdə şəhidlərimizin xatirəsinə həsr olunmuş videorolik və ədəbi-bədii kompozisiya nümayiş olunub.
27 Sentyabr –Anım Günü ilə əlaqədar olaraq saat 12.00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.