Biləsuvarda 27 sentyabr- Anım günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsi yad edilib.
27 sentyabr 2024 | 15:27
Torpaqlarımızın azadlığı uğrunda aparılan savaşda şəhid olmuş igid Vətən oğullarının və qızlarının əziz xatirəsini yad etmək üçün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının, YAP Biləsuvar rayon təşkilatının, idarə, müəssisələrin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri bu gün rayonun Mərkəzi Parkındakı şəhidlər kompleksinə gələrək əziz xatirələrinə tər çiçəklər düzmüşlər.
Anım günü tədbirində bildirilib ki, 44 gün davam edən və qalibiyyətlə başa çatmış hərbi əməliyyatlar nəticəsində şanlı ordumuz mənfur düşməni darmadağın etməklə uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə öz gücünü bütün dünyaya nümayiş etdirdi.Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı.
Tədbirdə qeyd olundu ki, şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əziz qalacaq və onların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnək olacaqdır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər bir insanın vətəndaşlıq borcudur.Bu şanlı tarixi Qələbəyə öz töhfəsini verən şəhidlərimizin xatirəsi daim qəlblərdə yaşayacaqdır.