Biləsuvarda 26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib
10 iyun 2022-ci il tarixində Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyası və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən Biləsuvar rayonunda 26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli , Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupun rəhbərinin müavini Tanrıverdi Aydınov, işçi qrupun sektor müdiri Rafiq Allahverdiyev, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşı Şahlar Zeynalov, rayonun hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, gənclər, məktəb şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən iclasda çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli bildirdi ki: “Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı. Azərbaycan Respublikasında hüquq-mühafizə və bu sahə üzrə məsul olan aidiyyəti qurumlar narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bugün də uğurlu mübarizə aparır. "
Daha sonra, çıxış edən Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupun rəhbərinin müavini Tanrıverdi Aydınov, işçi qrupun sektor müdiri Rafiq Allahverdiyev, DİN-nin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşı Şahlar Zeynalov, və digərləri narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdılar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu, bildirdilər. Həmçinin bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu xüsusilə vurğuladılar.