Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.

20 yanvar 2026 | 11:16

20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini yad ediblər.  

Mərasimdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və digər natiqlər  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən dəhşətli, kütləvi qırğın hadisəsinin mahiyyəti barədə danışıblar. Qeyd olunub ki, bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.

Bildirilib ki, faciə zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən ulu Öndər Heydər Əliyev oldu. Ümummilli liderimiz hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək, təcavüzə etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham edərək, bəyanatla çıxış etdi. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qanlı Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

20 Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. O mübarizə əzmi bu milləti azadlığına qovuşdurdu, məhz o döyüş ruhu işğaldakı Qarabağımızı azad etməyə imkan verdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və ordumuzun Zəfəri nəticəsində üçrəngli bayrağımız bu gün müstəqil və güclü Azərbaycanımızın hər bir qarış torpağında dalğalanır.

İştirakçılar həmçinin rayonun Çaylı kəndindən olan 20 Yanvar şəhidi Əlimərdan Hüseynovun və Vətən Müharibəsi şəhidlərinin kənd qəbristanlığındakı məzarlarını ziyarət ediblər.

Keçidlər