Biləsuvarda 20 Yanvar şəhidlərinin 34-cü ildönümü keçirilib.
20 yanvar 2024 | 12:34
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bu gün Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni və Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olan biləsuvarlı şəhidlərimizin əziz xatirəsini yad ediblər.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən dəhşətli, kütləvi qırğın hadisəsinin əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.Ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Faciə zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən ulu öndər Heydər Əliyev oldu. Ümummilli liderimiz hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham edərək, bəyanatla çıxış etdi. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qanlı Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
20 Yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açmışlar. 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. O mübarizə əzmi bu milləti azadlığına qovuşdurdu, məhz o döyüş ruhu işğaldakı Qarabağımızı azad etməyə imkan verdi.Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və ordumuzun Zəfəri nəticəsində üçrəngli bayrağımız bu gün cənnət Qarabağda, Şuşada, müstəqil və güclü Azərbaycanımızın hər bir qarış torpağında dalğalanır.
Anım mərasimindən sonra tədbir iştirakçıları rayonun Çaylı kəndindən olan 20 Yanvar şəhidi Əlimərdan Hüseynovun və Vətən Müharibəsi şəhidlərinin kənd qəbristanlığındakı məzarlarını ziyarət edərək, əziz xatirələrini yad ediblər.
Faciə qurbanlarının əziz xatirəsini yad etmək üçün saat 12.00-da respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bir dəqiqəlik sükut elan olunaraq, avtomobillərdən siqnallar verilib.