Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda 2 iyul-Azərbaycan Polisi Günü qeyd olunub.

02 iyul 2025 | 11:45

Bu gün Biləsuvar rayonunda 2 iyul-Polis işçilərinin peşə bayramı günü münasibətilə rayon Polis şöbəsinin şəxsi heyətinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov,  rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov və hüquq mühafizə orqanlarının rəhbərləri iştirak edib.

Tədbir iştirakçıları Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib və əziz xatirəsinə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində davam edən rəsmi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra isə Ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda canından keçən igid Vətən oğullarının xatirəsi yad edilib.

            Bayram tədbirində çıxış edən Biləsuvar Rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov əvvəlcə şəxsi heyəti 2 iyul- Azərbaycan Polisi Günü münasibətilə təbrik edib. N.Məmmədov xidməti fəaliyyətləri barədə ətraflı məlumat verdikdən sonra onlara göstərilən yüksək diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək peşə bayramları münasibəti ilə polis işçilərini təbrik edib və bildirib ki, uzun, tarixi və şərəfli bir yol keçmiş Azərbaycan polisi, yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edərək, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir. Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də polis əməkdaşları fədakarlıq göstərərək, işğal altındakı torpaqlarımızın azad edilməsində yaxından iştirak ediblər. Ümummilli lider Heydər Əliyev ideyalarına əbədi sadiqlik göstəricisi nümayiş etdirən Azərbaycan Polisi, bu gün də Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək öz xidmətini layiqincə yerinə yetirir. Bu da polislərimizin peşəkarlığını, məsuliyyət hissini artırmaqla yanaşı,onların daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir.

İcra başçısı bir daha peşə bayramları münasibətilə rayon Polis şöbəsinin kollektivini təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edənlər peşə bayramları münasibətilə polis işçilərini təbrik edərək, xoş sözlərini bildiriblər.

Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşı Biləsuvar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilib və xatirə şəkli çəkdirilib.

 

Keçidlər