Biləsuvarda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirildi.
18 oktyabr 2023 | 12:33
Biləsuvar Rayon İcra Hakimiyyətinin və YAP Biləsuvar Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov bildirib ki, 1991-ci ilin 18 oktyabr tarixində xalqımız öz dövlət müstəqilliyinə qovuşsa da, həmin dövrdə ölkənin idərə olunmasında yaranmış xaos və özbaşnalıq nəticəsində ölkəmizin suverenliyinin, müstəqilliyinin qorunması çox çətin bir vəziyyət almışdır.Respublikamızın qarşılaşdığı ağır bir zamanda xalqın təkildi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardı və ardıcıl mübarizə apararaq onu həqiqi müstəqilliyinə qovuşdurdu.
Məhz Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub saxlanıldı, dövlətlə xalqın birliyi təmin edildi, bütün sahələrdə demokratik islahatlara başlanıldı, güclü dövlətin möhkəm təməli qoyuldu.Ulu Öndərin xalqımızın milli maraqlarına əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyasının davamı 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla və qətiyyətlə həyata keçirilir. Mütərəqqi idarəçilik prinsipləri, özünün müdrik daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz sahibinə çevrilmiş cənab İlham Əliyev dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra edir. 2020-ci ilin payızında və bu ilin sentyabr ayında Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı müharibədə qazandığı tarixi qələbə Azərbaycan xalqının yüz illər boyu apardığı haqq-ədalət mübarizəsinin təntənəsi idi.Bununla da, Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu bir daha bütün dünyaya sübuta yetirdi.
Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Dairə Seçki Komissiyasının sədri Əzizağa Hətəmov, Biləsuvar Gənclər və İdman Sektorunun müdiri Azad Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışaraq bildiriblər ki, qürurverici haldır ki, Ulu Öndərin memarı və qurucusu olduğu, hazırda böyük yüksəliş dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir.