Biləsuvarda “15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbir keçirildi.
Biləsuvar rayon Heydər Əliyev adına parkda Biləsuvar rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının təşkilatçılığı ilə “15 iyun-Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Ərazi partiya təşkilat sədrləri iştirak etdi.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə etdilər.
Tədbirdə Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək 15 iyun-Milli Qurtuluş günü bayramı münasibətilə rayon əhalisini təbrik etdi.
İcra başçısı Resublikamızda həmin dövrdə baş verən proseslərlə bağlı məlumat verərək bildirdi ki, “1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə ciddi hakimiyyət böhranı yaranmışdı.Xaos, hərc-mərclik baş alıb gedirdi. Azərbaycanda hakimiyyətdə ciddi boşluq yaranmışdı. Ölkədə rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizənin baş verdiyi bir məqamda 1992-ci ilin mayın 14-də hakimiyyətə gələn Xalq Cəbhəsi də ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi.Heydər Əliyev qısa zaman kəsiyində ölkədə vətəndaş müharibəsinin qarşısını aldı. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Müdrik Liderin rəhbərliyi ilə xarici işğalın qarşısını alan, dövlət çevrişinə cəhdi aradan qaldıran və dünyaya sivil Azərbaycanı tanıtmaq imkanını əldə edən xalqımız müstəqilliyimizin əbədi olduğunu sübuta yetirdi. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planları artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir.
F.Qürbətov bildirdi ki, Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır.Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi və ədalət bərqərar oldu. Biz əminik ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını göz bəbəyi kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək, gələcəyə doğru inamla aparacaqdır.
Tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik etdi. O, qeyd edib ki, 15 iyun taixi müasir Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələrindəndir. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan bu tarixdə xilaskarlıq missiyasını cəsarətlə, qətiyyətlə yerinə yetirən Ulu öndər müasir Azərbyacanın inkişafının, tərəqqisinin, bu günkü qalibiyyətlərin əsasını qoymuşdur. Bu gün Ulu öndər Heydər Əliyevin yolunu Onun layiqli siyasi varisi Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Əldə olunan şanlı Zəfərlər də bunu bir daha təsdiq edir.
Tədbirdə çıxış edənlər qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Hər bir azərbaycanlı bu dövlətin qorunmasında, daha da inkişaf etdirilməsində, min illərlə müstəqil və güclü dövlət olaraq yaşamasında var qüvvəsi ilə çalışmalıdır.






