Biləsuvar rayonunda Tibb işçilərinin peşə bayramı qeyd olundu.
17 iyun 2023 | 16:09
Bu gün Biləsuvar Rayon İcra Hakimiyyətində 17 iyun-Tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başıçısı Faiq Qürbətov, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Məmmədtağı Əhmədov və bir qrub tibb işçisi iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov peşə bayramları münasibətilə səhiyyə işçilərini təbrik edərək, onlara bu müqəddəs peşədə yeni nailiyyətlər və əzmkarlıq arzuladı.
Qeyd olundu ki, son illər ölkəmizdə tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tibbi texnologiyaların tətbiqi, yeni standartlara uyğun islahatların aparılması və həyata keçirilən digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb işçisi peşəsi xeyirxahlıq, peşəkarlıq və mərhəmət tələb edən bir işdir. Nəcib peşə sahibləri olan tibb işçilərimiz öz vəzifə borclarını daim şərəflə yerinə yetirərək insanlara həyatda ən şirin nemət olan can sağlığını bəxş edirlər.
Tədbirdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Məmmədtağı Əhmədov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası Tibb Işçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ümummilli Liderin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi.
Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır.
Tədbirin sonunda Tibb İşçiləri Günü münasibətilə xidmətdə fərqlənən bir qrup səhiyyə işçisinə Biləsuvar Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olundu.