Biləsuvar rayonunda şəhid və qazilərin ailələrinə fərdi evlər təqdim olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə əlilləri ilə bağlı geniş miqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Həmin tədbirlərin davamı olaraq, ölkəmizin bütün bölgələrində yaşayan şəhid ailələri və qazilərimizə fərdi evlər tikilərək təqdim olunur.
Bu gün Biləsuvar rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil olmuş qazilərə və şəhid ailələrinə tikilmiş fərdi yaşayış evlərinin açılış mərasimi oldu.
Tədbirdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev şəhid ailələrinə və müharibə əlillərinə yeni fərdi evlərin sənədlərini təqdim ediblər.
Mərasimdə qeyd olunub ki, xalqımıza möhtəşəm Zəfər sevinci bəxş edən qəhrəman şəhidlərimizin ailələrinə, müharibədə sağlamlıqlarını itirmiş igid hərbi qulluqçularımıza daim xüsusi diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsi, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır.
2022-ci ildə rayon ərazisində 12 nəfər Qarabağ Müharibəsi əlili və şəhid ailəsi üçün fərdi yaşayış evinin tikintisinə başlanılmış və 5 evin tikintisi tam başa çatdırılmışdır.Bu gün həmin mənzillər sahiblərinə təqdim olunur.Qalan mənzillərin də bu ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onlara göstərilən diqqət və qayğıya görə, eləcə də bu gün yeni evlərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.