Biləsuvar rayonunda şagirdlərin təhsildən yayınması və erkən nikah hallarının qarşısının alınması istiqamətində tədbir keçirilmişdir.
05 iyun 2024 | 18:02
05 may 2024-cü il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətində İcra başçısının, Şirvan-Salyan Regional Təhsil idarəsinin əməkdaşlarının, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının, ümumtəhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə 2023/2024-cü tədris ilində şagirdlərin təhsildən yayınması, eləcə də erkən nikah hallarının qarşısının alınması” istiqamətində maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə təhsildən yayınma hallarına gətirib çıxaran səbəblər, təhsildən yayınmanın erkən nikah hallarına şərait yaratması, təhsildən yayınma hallarına məktəbdaxili və məktəbdənkənar problemlərin təsir göstərməsi, təhsildən yayınan uşaqların yenidən təhsilə cəlb edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Tədbirdə həmçinin məktəblərin hazırki maddi-texniki bazası və infrasturukturu, müəllimlərin sertifikatlaşdırılması və yeni tədris ilində istifadəyə veriləcək məktəblər haqqında məsələlər müzakirə olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışında təlim-tədrisin keyfiyyətinin artırılması, rayonun təhsil səviyyəsinin gücləndirilməsi, şagirdlərin dərsə davamiyyətinin təmin olunması məqsədilə valideynlərin, direktorların və müəllimlərin qarşısında dayanan vəzifələrlə bağlı bir sıra tapşırıq və tövsiyələr verdi, məktəblərin texniki bazasının və infrastrukturunun gücləndirilməsinin təhsilin keyfiyyət səviyyəsinin artırılmasında mühüm faktor olduğunu vurğuladı.
Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov həmçinin cənab Prezidentin müvafiq sərəncamına uyğun olaraq “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsiləli tədbirlərin keçirilməsinin, ümumrayon tədbirlərində Rayon İcra Hakimiyyəti ilə Təhsil Sektorunun kommunikasiyasının gücləndirilməsinin zəruriliyini qeyd etdi.
Rayon İcra Hakimiyyətinin başçısının müavini, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının sədri Ləman Yüzbaşova 2023-2024-cü tədris ilində təhsildən yayınan şagirdlərlə bağlı statistik məlumatların əks olunduğu təqdimatı tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Şirvan-Salyan Regional Təhsil idarəsinin müdir müavini Rövşən Allahverdiyev də öz növbəsində təhsildən yayınma halllarının qarşısının alınmasının ümumtəhsil müəssisələrinin rəhbərlərinin ən başlıca vəzifələri olduğunu, təhsildən yayınma hallarının olduğu təqdirdə müəssisə rəhbərləri tərəfindən məlumatların operativ şəkildə aidiyyəti üzrə göndərmələrinin vacibliyini vurğulamış. Bununla yanaşı 2023-2024-cü tədris ilində fənn müsabiqələrində şagirdlərin qazandığı uğurlardan da bəhs etmişdir.
Şirvan-Salyan Regional Təhsil idarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri Anar Xammədov 2023-2024-cü tədris illərində təhsildən yayınan şagirdlərlə bağlı görülmüş işlər barədə məlumat vermiş, eləcə də təhsildən yayınma hallarının qarşısının alınması istiqamətində həyata keçiriləcək profilaktik tədbirlərin vacibliyini vurğulamışdır.