Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda kompleks mülki müdafiə təlimi keçirildi.

27 oktyabr 2023 | 18:28

"Azərbaycan Respublikasının 2023-ci il üçün Mülki müdafiə tədbirləri planı" çərçivəsində 25-27 oktyabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəhbərliyi ilə Biləsuvar rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirildi.

Təlimdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, digər aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak etdilər.Əvvəlcə, kompleks mülki müdafiə təlimi ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırdı.

Çıxış edən Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən bəhs edib. V. Ağayev qeyd edib ki, rayon ərazisində olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı, köçürülməsi və digər bu kimi mülki müdafiə tədbirləri daim diqqət mərkəzində olmalıdır.

Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.

Tədbirin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub. Kompleks təlimə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Yanğından Mühafizə Hİssəsinin, rayonun aidiyyəti qurumlarının, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 275 nəfər şəxsi heyəti və 50 ədəd texnikası cəlb edilib.

Keçidlər