Biləsuvar rayonunda kənd təsərrüfatının mövcud vəziyyəti, qazanılan uğurlar və qarşıda duran vəzifələr təhlil edilib.
05 iyun 2026 | 17:32
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun rəhbərliyi ilə rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, qazanılan uğurlar və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli iclas keçirilib. Müşavirədə aidiyyəti idarə rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər və sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş son müşavirədən irəli gələn tapşırıqları diqqətə çatdıraraq, aqrar sahənin ərzaq təhlükəsizliyindəki strateji rolunu vurğulayıb. İcra başçısı bildirib ki, yeni dövlət proqramı çərçivəsində innovativ texnologiyaların tətbiqi, suvarma infrastrukturunun modernləşdirilməsi və fermerlərə dövlət dəstəyinin gücləndirilməsi əsas hədəflərdir.
İclasda məlumat verilib ki, son 5 il ərzində rayon iqtisadiyyatına 427,3 milyon manat investisiya yatırılıb ki, bunun da 179,2 milyon manatı dövlət, 248,1 milyon manatı isə özəl sektorun payına düşüb. Uğurlu islahatlar nəticəsində 2025-ci ildə rayonda 516 milyon 887,1 min manatlıq ümumi məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 4,0 faiz artım deməkdir. Bu istehsalın 45,8 faizinin məhz kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin payına düşməsi aqrar sektorun rayondakı aparıcı mövqeyini bir daha təsdiqləyir.
İclasda emal müəssisələrinin yaradılması, logistika imkanlarının genişləndirilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən tam istifadə və fermerlərin maarifləndirilməsi məsələləri müzakirə edilib. İcra başçısı tərəfindən pambıqçılıq, taxılçılıq və heyvandarlıq sahələrində səmərəliliyin artırılması, su ehtiyatlarından qənaətlə istifadə və növbəlilik prinsipinə əməl olunması ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.






