Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda ilk “Zəfər Forumu” keçirilib.

07 oktyabr 2022 | 18:25

7 oktyabr tarixindən respublikamızın müxtəlif bölgələrində keçirilməsinə başlanılan “Zəfər Forum”ları ilk dəfə Biləsuvar rayonundan start götürüb. Bu gün  Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Məktəb-Lisey Kompleksinin akt zalında keçirilən “Zəfər Forumu”nda Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, həmin şöbənin böyük məsləhətçisi Əli Pənahov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani, Biləsuvar, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Cəbrayıl rayon İcra Hakimiyyətlərinin əməkdaşları, rayonun müxtəlif dövlət orqanlarının rəhbərləri, rayonlardan dəvət olunmuş şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi qaziləri, iştirakçıları və KİV nümayəndələri iştirak edib.

İştirakçılar əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və torpaqlarımızın azadlığı yolunda şəhid olan igid oğullarımızın abidələrini ziyarət edərək əziz  xatirələrinə tər çiçəklər düzdülər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov qonaqları salamlayaraq forumun işinə uğurlar arzuladı. İcra Başçısı bildirdi ki, xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, zəfəri ilə başa çatdı. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. Bütün dünya tarixi ədaləti bərpa edən Azərbaycan Ordusunun, cənab Ali Baş Komandanın və xalqımızın gücünü gördü.Bu gün hər bir azərbaycanlı dünyanın istənilən ölkəsində qürurla, qalib ölkənin vətəndaşı olaraq gəzir.Bu zəfəri xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bizlərə yaşatdı. Bu qələbə, Zəfər haqqında yüz illərlə danışılacaq.Təbii ki, bu gün gənc nəslin yetişməsində bu qələbəni yazan qəhrəmanlarımızın həyatı örnək olmalı və bu sahədə vətənpərvərlik tədbirləri vaxtaşırı olaraq təşkil edilməlidir.

Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı Zəfər barədə iştirakçılara ətraflı məlumat verdi.Qeyd etdi ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. 

Bu gün ölkəmiz 30 ilə yaxın işğal altında qalan öz tarixi torpaqlarına qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.

Noyabrın 10-u xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!

Forumda çıxış edənlər Ölkəmizin öz torpaqlarını azad etmək yolunda apardığı və Zəfərlə başa çatdırdığı qələbənin bundan sonra da nəsillərə ötürülməsini və bu sahədə aparılan təbliğatın daha da gücləndirilməsini bildirdilər.

Tədbirdə şəhid ailələrinin üzvlərinə və qazilərimizə qələbəmizdən bəhs edən kitablar hədiyyə olundu və orkestrin müşayəti ilə vətənpərvərlik mahnıları səsləndirildi.

 

Keçidlər