Biləsuvar rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.
14 oktyabr 2026 | 17:53
Rayon Gənclər Evində keçirilən müşavirədə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Biləsuvar rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, şəhid ailələri, qazilər, Təhsil sektorunun əməkdaşları, məktəb direktorları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə geniş məruzə ilə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli çıxışı ölkənin gələcək inkişafı və milli təhlükəsizliyi üçün əsas hədəfləri müəyyənləşdirir. Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xətti və Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan, bu gün güclü hərbi potensialı və 90 milyard dollarlıq valyuta ehtiyatları ilə dünyada sabitlik məkanı kimi tanınır.
Rayon rəhbəri diqqətə çatdırıb ki, respublikada aparılan məqsədyönlü iqtisadi siyasətin davamı olaraq Biləsuvarda da investisiya mühiti fəallaşıb və mühüm layihələr reallaşdırılır. Onun sözlərinə görə, 2020-ci ildən 2026-cı ilin 9 ayınadək rayon iqtisadiyyatına 667,7 milyon manat investisiya yatırılıb ki, bunun da 182,7 milyon manatı dövlət, 485 milyon manatı isə özəl sektorun payına düşür. Növbəti 2027-ci il üçün rayonda ilkin olaraq 119 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılsa da, bu həcmin daha da artırılması əsas hədəflərdən biridir. Hazırda 1454 hektar ərazidə ölkənin ən böyük Biləsuvar Günəş Elektrik Stansiyasının tikintisi sürətlə davam etdirilir və ümumi gücü 445 MVt olacaq bu stansiya tam işə düşdükdən sonra 179 mindən çox evi təmiz enerji ilə təmin edəcək. Bu nəhəng layihənin inşaat prosesinə 1000 nəfərə yaxın yerli sakinin işçi qüvvəsi olaraq cəlb edilməsi rayonda məşğulluğun artırılmasına birbaşa töhfə verir.
Kənd təsərrüfatının müasirləşdirilməsi və pivot suvarma sistemlərinin qurulması məqsədilə son illərdə aqrar sektora 49,6 milyon manat irihəcmli investisiya yönəldilib, 2027-ci ildə isə bu sahəyə əlavə 46 milyon manat vəsaitin qoyulması nəzərdə tutulub. Bundan əlavə rayonda elektrik, qaz, yol-nəqliyyat infrastrukturunun yenilənməsi və yaşayış məntəqələrinin abadlaşdırılması ilə yanaşı, təhsil sahəsində də mühüm addımlar atılıb. Görülən işlərin davamı olaraq Biləsuvar şəhər məktəb-liseyi üçün 624 yerlik, Bəydili kənd orta məktəbi üçün 1400 yerlik, Nəsimi kənd orta məktəbi üçün 624 yerlik yeni binalar və Amankənddə 56 şagird yerlik müasir modul tipli məktəb binası inşa edilərək istifadəyə verilib.
Məruzədə ideoloji təhlükəsizlik məsələlərinə xüsusi yer ayıran icra başçısı vurğulayıb ki, milli təhlükəsizliyin təmin edilməsində ideoloji mühitin yad təsirlərdən qorunması fiziki təhlükəsizlik qədər mühümdür. Xarici mərkəzlərin sosial media vasitəsilə gəncləri və uşaqları hədəf alan ziyanlı dini-ideoloji təxribatlarına və xurafata qarşı qətiyyətli mübarizə aparılmalı, azyaşlıların dünyəvi təhsil hüququ ilə sərbəst dünyagörüşü mütləq qorunmalıdır. Bu istiqamətdə təhsil işçilərinə mühüm tövsiyələr verən Faiq Qürbətov məktəblərdə nizam-intizamın gücləndirilməsinin, şagirdlərin dərslərə qanunvericiliklə müəyyən olunmuş vahid və nümunəvi geyim formasında gəlmələrinin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb. O, müəllimləri kənar təsirlərə qarşı daim ayıq-sayıq olmağa, valideynlərlə maarifləndirmə işlərini və məktəb-ailə əməkdaşlığını ən yüksək səviyyəyə çatdırmağa çağırıb.
İcra başçısı çıxışının sonunda formal tədbirlərdən uzaq durmağa, birbaşa insan amilinə və vətəndaşların real qayğılarına yönəlməyin vacibliyini qeyd edib. O, hər bir qurum rəhbərini öz sahəsində daha məsuliyyətli çalışmağa çağırıb. Sonda rayon rəhbəri dövlət başçısının «öz taleyimiz öz əlimizdədir» fikrini xatırladaraq güclü dövlətçilik dayaqlarını qorumağın hər birimizin vəzifəsi olduğunu bildirib.
Müşavirədə Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudovun anası, Biləsuvar rayonu Oqtay Babayev adına Aşağı Cürəli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Nəsibə Mahmudova, Rayon Ağsaqqallar şurasının sədr müavini Zakir Şahbazov, Biləsuvar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev, Vətən müharibəsi iştirakçısı, həkim-nevroloq Əli Kişiyev, Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov, Biləsuvar şəhər bələdiyyəsinin sədri İlqar Abasov, DSMF-nin 2 saylı Şirvan-Salyan Regional filialının Biləsuvar rayon şöbəsinin müdiri Fərasim Əliyev çıxış edərək Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli çıxışında və rayon rəhbərinin məruzəsində qeyd olunan məsələlərin aktuallığını vurğulayaraq, ölkə başçısının müəyyənləşdirdiyi strateji hədəflərin uğurla reallaşdırılması üçün hər bir qurumun üzərinə böyük məsuliyyət düşdüyünü bildiriblər. Çıxış edənlər xüsusilə gənclərin yad ideoloji təsirlərdən qorunması, onların milli-mənəvi dəyərlər, dövlətçilik prinsipləri və vətənpərvərlik ruhunda tərbiyə olunması, həmçinin gənc nəslin ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında daha aktiv rol oynamasının vacibliyini xüsusi olaraq qeyd ediblər.






